Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev demişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.Azərbaycan gənclərinin düzgün yetişdirilməsi ölkə siyasətində hər zaman öndə olan məsələlərdən olmuşdur. Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət indi də onun davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün gənclərin inkişafının hər bir sahədə dəstəklənməsi, onlar üçün lazımi şəraitin yaradılması bunu bir daha sübut edir. 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradıldı. Bununla da, gənclərlə bağlı bir sıra işlər həyata keçirilməyə başlandı. 1996-cı il fevralın 2-də gənclərin ilk Forumunun keçirilməsi qərara alındı. Bütün bunların nəticəsində gənclərə olan diqqət və qayğı daha da artırıldı, onlar üçün vacib olan hər bir imkan yaradıldı. Gənclərin fəaliyyətinin stimullaşdırılması üçün atılan addımlardan biri də 2007-ci ilin İlham Əliyev tərəfindən “Gənclər ili” adlandırılması oldu. Gənclərin beynəlxalq idman yarışlarında fəal iştirak etməsi, uğur qazanması onların bu işdə necə iradəli, həvəsli və istedadlı olmasının göstəricisidir. 2016-cı ildə Azərbaycanın ikinci böyük şəhəri Gəncə “Avropanın Gənclər Paytaxtı” elan edildi. Həyata keçirilən layihənin əsas məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılması olmuşdur. Bütün bu həyata keçirilən tədbirlər, qəbul edilmiş qərar və layihələr gənclərin inkişafına öz müsbət təsirini göstərmiş və onların istedadlarının üzə çıxmasına imkan yaratmışdır. Azərbaycan gəncləri fəallığı və vətənpərvərliyi ilə 2020-ci il 27 sentyabrda başlamış 44 günlük müharibədə xüsusi ilə fərqləndilər. Qorxmadan, çəkinmədən düşmənlə üzbəüz dayanıb Vətən müdafiəsində öz şücaətini göstərən igid gənclərimiz adlarını tarixə silinməz izlə yazdılar. Məhz belə oğullarımızın və qızlarımızın qəhrəmanlığı və ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan bu müharibədən qələbə ilə çıxdı. Qalibiyyətlə bitən 44 günlük müharibədə şəhid və qazi olan oğullarımız və qızlarımız heç zaman xalqımızın yaddaşından çıxmayacaqdır. Onların mərdliyi, qorxmazlığı neçə-neçə gəncin düşüncəsinə təsir etmiş, onların vətənpərvərlik ruhunda böyüməsinə yol açmışdır. Ölkəmizdə gənclərin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması üçün həyata keçirilən bütün lazımi tədbirlər Azərbaycan gəncliyinin daha da uğurlu inkişafına yol açır və açacaqdır. Novruz Tağıyev,Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi